Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər başa çatıb
Gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təlimlər başa çatıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün təşkil olunan ixtisasartırma təlimləri başa çatıb. Təlimlər 16-30 iyul tarixlərini əhatə edib.
Təlimin sonunda dinləyicilərin bilik səviyyəsinin ölçülməsi məqsədilə pandemiya səbəbindən ölkədə tətbiq olunan karantin rejiminin qaydaları gözlənilməklə əyani formada qiymətləndirmə keçirilib və dinləyicilərə sertifikatlar təqdim olunub.
Qiymətləndirmədən sonra keçirilən tədbirdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiya əməkdaşları, o cümlədən təlimlərin dinləyiciləri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Cənub Ərazi Baş Gömrük İdarəsinin və Kinoloji Mərkəzin təlimçiləri və instruktor-kinoloqları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimin nəticələrini ölçə bilmək üçün qiymətləndirmənin vacib olduğunu bildirib. O, dinləyiciləri təbrik edərək, təlimdə əldə etdikləri biliklərin gələcək fəaliyyətlərində faydalı olacağına inamını ifadə edib. Akademiya rəisi bundan sonra da Kinoloji Mərkəzlə əməkdaşlığın davam etdiriləcəyini və praktik bacarıqların aşılanması ilə bağlı təlimlərin təşkilinin mümkünlüyünü qeyd edib.
Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov Akademiya rəhbərliyinə əməkdaşlığa görə təşəkkür edib, təlimi uğurla başa vuran bütün dinləyiciləri təbrik edərək uğurlar arzulayıb.
Tədbirin sonunda təlimi bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi